ELM VƏ TƏHSİL
Nəsiminin 650 illik yubileyinə həsr edilmiş elmi sessiya
Bakı, 29 aprel, AZƏRTAC
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarının ölkəmizdə humanitar fikrə, ədəbiyyatımıza göstərilən böyük diqqət və qayğıya bariz nümunə olduğunu vurğulayıb.
Akademik İsa Həbibbəyli dövlətimizin başçısının müvafiq sərəncamlarından irəli gələrək AMEA-nın Humanitar Elmlər Bölməsinə daxil olan elmi müəssisə və təşkilatlar tərəfindən silsilə konfransların, elmi sessiyaların keçirildiyini, həmçinin mətbuatda İmadəddin Nəsimi yaradıcılığının təbliğ edildiyini, eləcə də azərbaycanlı alimlərin Serbiya, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdə şairə həsr olunmuş tədbirlərdə iştirak etdiklərini söyləyib. O, akademiyada Nəsiminin 650 illik yubileyinə həsr edilən yekun tədbirin isə noyabr ayında keçiriləcəyini diqqətə çatdırıb.
İsa Həbibbəyli xatırladıb ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə İmadəddin Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirlər siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub.
Mütəfəkkir şair Nəsiminin yaradıcılığının Azərbaycan dilinin və ədəbiyyatının inkişafında mühüm yer tutduğunu deyən AMEA-nın vitse-prezidenti bu gün ədibin əsərlərinin daha dərindən tədqiq edilməsinin zəruriliyini vurğulayıb. Alim Ədəbiyyat İnstitutu tərəfindən “Böyük Azərbaycan şairi İmadəddin Nəsimi” adlı monoqrafiya hazırlandığını və il ərzində nəşr olunacağını qeyd edib.
Tədbirdə orta əsrlər Azərbaycan şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Fəridə Əzizova “Nəsimi və qədim ərəbdilli Azərbaycan şeiri”, filologiya elmləri doktoru Fəridə Vəlixanova “Qərb dünyasında Şərq”, professor Qəzənfər Paşayev “Edamdan sonra başlanan həyat”, türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, professor Məmməd Əliyev “Nəsimi şeirinin vəzn xüsusiyyətləri”, qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor İmamverdi Həmidov “Nəsiminin XX əsr ərəb ədəbiyyatşünaslığında öyrənilməsi”, erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, dosent Mahirə Quliyeva “Nəsiminin sənətkarlıq dünyasında” mövzularında məruzə ilə çıxış ediblər.
Sessiya çərçivəsində İmadəddin Nəsimi yaradıcılığına həsr olunan sərgi təşkil olunub.