SİYASƏT
Niderland jurnalı Qarabağda aparılan yenidənqurma işlərindən yazıb
Haaqa, 26 oktyabr, AZƏRTAC
Niderlandın “Trouw” jurnalında Qarabağda müharibə zamanı Azərbaycanın azad etdiyi rayonlarda “Ağıllı kəndlər”in tikintisinə başlanılmasına dair məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə müharibədən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Qarabağda yenidənqurma işlərinin başlamasından bəhs edilib. Bildirilib ki, bir il əvvəl baş verən dağıdıcı müharibə meydanında indi sakitlik bərpa olunub. İşğaldan azad edilmiş torpaqlarımızda hər cür texniki vasitələrlə təchiz olunmuş “Ağıllı kənd və şəhərlər”in tikintisinə başlanılıb. Eyni zamanda, azad edilmiş rayonlarda kənd təsərrüfatının inkişafından söz açılıb.
Bildirilib ki, yenidənqurma layihəsinin əsas məqsədi kənd və şəhər arasındakı fərqi azaltmaq və kəndlərdə həyat şəraitini yaxşılaşdırmaqdır.
Diqqətə çatdırılır ki, Azərbaycan Prezidenti azad edilmiş ərazilərin cənnətə çevriləcəyini bəyan edib. Bildirib ki, Azərbaycan hökuməti bu il azad edilmiş ərazilərin bərpası üçün 1,3 milyard avro ayırıb. Zəngilan rayonunda inşa olunan iki “Ağıllı kənd” isə gələn ilin sonunadək istifadəyə veriləcək.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Haaqa