İDMAN
Nigar Arpadarai: Əyləncə xarakterli tədbirlər insanlara pulsuz təqdim ediləcək VİDEO
Bakı, 21 mart, Elşad Qəzvini, AZƏRTAC
Martın 19-dan etibarən “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti “Formula-1” Avropa Qran-prisinin başlanmasına üç ay qalmasını dənizkənarı bulvarda təntənəli surətdə qeyd edir.
Novruz bayramı münasibətilə təşkil edilən mərasim ümumxalq şənliyi ilə eyni günlərə təsadüf edib. Əməliyyat şirkəti keçirdiyi silsilə tədbirlərlə ölkə ictimaiyyəti arasında Avropa Qran-prisinə marağı və yarış haqqında məlumatlılığı artırmağa çalışır. Martın 20-dən etibarən idmansevərlərin ixtiyarına verilən əyləncə zonasında simulyasiya oyunları və azyaşlı uşaqlar üçün əyləncə məkanı, həmçinin könüllülər və marşalların fəaliyyətini işıqlandıran xüsusi guşələr təşkil edilib.
BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai jurnalistlərə açıqlamasında bildirib ki, bayram tədbirlərində başlıca məqsəd insanları “Formula-1” yarışları ilə yaxından tanış etməkdir. Onlara “Formula-1”in əyləncəsini və həyəcanını yaşatmaqdır. O deyib: “Bu əyləncə zonası üç ay ərzində yarışın başlayacağı tarixə qədər və yarış vaxtı da daxil olmaqla əhalinin üzünə açıq olacaq. Əyləncə xarakterli tədbirlər insanlara tamamilə pulsuz təqdim ediləcək”, - deyə N. Arpadarai əlavə edib.
Eyni zamanda, bu gün saat 20:00-dan Muzey Mərkəzinin binasının divarları üzərində 3D şou möhtəşəm lazer şüaları vasitəsilə “Formula-1” haqqında animasiya şousu təşkil olunub. Animasiya proqramında Azərbaycan milli ornamentlərini əks etdirən elementlər də nümayış etdirilib.
Məlumat üçün qeyd edək ki, artıq konsert proqramları üçün əyləncə zonasının yaxınlığında səhnə quraşdırılıb. Burada martın 23-dək hər gün saat 16:00-dan 22:00-dək tanınmış yerli müğənnilərin iştirakı ilə konsertlər veriləcək. Əyləncə zonası Avropa qran-prisinə qədər hər gün saat 10:00-dan 22:00-dək fəaliyyət göstərəcək.