CƏMİYYƏT


Nigar Arpadarai: Kəlbəcərdə baş verən hadisə terror aktıdır

Bakı, 7 iyun, AZƏRTAC

Bir neçə gün öncə Azərbaycanın işğaldan azad olunmuş Kəlbəcər rayonunun ərazisində içərisində ikisi jurnalist olmaqla üç vətəndaşımızın olduğu avtomobilin müharibədən sonra yolda quraşdırılmış minanın partlaması nəticəsində həlak olması Ermənistanın daxilində baş vermiş və hələ də davam edən proseslərin nəticəsidir.

Bunu AZƏRTAC-a Milli Məclisin deputatı Nigar Arpadarai deyib. “Heç bir şübhə yoxdur ki, bu minalar erməni quldurları tərəfindən quraşdırılıb. Bir neçə gün öncə də oxşar hadisələr Kəlbəcər rayonunun sözügedən ərazisində baş vermişdi, erməni diversant qrupu mina quraşdırdıqları zaman saxlanılmışdı. O zaman hərbçilərimiz erməni təxribatçılarını dayandıra bildilər. Bu dəfə təəssüf ki, yox”, – deyən deputat hesab edir ki, Ermənistan durmadan xaosa qərq olur. Bunun səbəbi isə, Ermənistanın müharibədə uduzmasından daha çox, yeni reallığı dərk etmək və qəbul etməkdən imtina etməsidir. Ermənistan üçün düşdüyü siyasi və sosial böhrandan yeganə çıxış yolu Azərbaycan ilə sülh bağlamaqdır. Lakin Ermənistanda üstünlük təşkil edən irqçilik , seçilmişlik və tarixi mifologiya siyasi ideologiyası kiçik Ermənistan dövlətini ucu bucağı görünməyən bir uçuruma aparır.

Kəlbəcərdə baş verən hadisəni terror aktı adlandıran N.Arpadarai deyib: “Bu Ermənistan ordusunun hərbi əməliyyatı deyil, hətta bu erməni hərbçiləri tərəfindən həyata keçirilsə belə, bu əsl terrorizm aktıdır və bu cinayətin əsas məqsədi mülki əhaliyə ziyan vurmaq, onları öldürmək və hədə qorxu gəlməkdir. Ermənistanda yenidən Monte, Njde və Andranik ənənələri baş qaldırıb. Bu ənənələrin təməli isə sadəcə ksenofobiyaya əsaslanan, mövcud olmayan, xəyali “böyük Ermənistan” adına irqi və milli mənşəyinə görə insanları öldürməkdir.

Çox təəssüflə bir faktı qeyd edək ki, bu Ermənistanın ardıcıl olaraq siyasi və ideoloji böhrana batmasının nəticəsidir və bu gözlənilirdi. Bədnam qonşumuz heç vaxt durmayan terrorizm fəaliyyətində çox böyük təcrübəyə sahibdir. Sadəcə Birinci Qarabağ müharibəsinin başlaması ilə erməni terroristləri dünyanın hər bir tərəfindən Qarabağa, torpağımıza toplaşdılar və burada etdikləri terroru uydurma “Artsax”ın azadlığı uğrunda müharibə adlandıraraq mülki vətəndaşlara qarşı qətl törətməyə davam etdilər. 1994-cü ildə atəşkəsin elan olunmasından sonra isə onlar öz diqqətlərini Ermənistanın daxili siyasətinə yönəltdilər və siyasətçilərə çevrildilər. Lakin buna baxmayaraq öz terrorçu əməllərindən əl çəkmədilər. Ermənistanda terror ənənələrinin miqyasını anlamaq üçün sadəcə İrəvanda Parlamentdə siyasətçilərin kütləvi öldürülməsini yada salmaq kifayətdir. Ötən əsrin 90-cı və 2000-ci illərdə müntəzəm olaraq prokurorların və hakimlərin güllələnməsi də buna açıq-aşkar sübutdur.

Və budur, təəssüf ki, onlar öz növbəti cinayətlərini bizim ərazimizdə həyata keçirdilər. Bu terror aktı 2020-ci ilin dekabr ayında törədilən terror aktları zəncirinin davamıdır. Dekabr ayında hərbi əməliyyatların dayandırılmasına baxmayaraq Ermənistandan olan quldur qrupu Xocavənd rayonuna soxularaq bir neçə terror aktını həyata keçirmişdi. Bunun nəticəsində, bir neçə hərbçimiz və mülki vətəndaşımız (Azercell mobil operatorunun işçisi də daxil olmaqla) həlak olmuşdu. Sözügedən cinayətkarların bir hissəsi Azərbaycan hüquq məhkəmə sistemi qarşısında cavab verəcəklər və heç bir şübhə yoxdur ki, layiq olduqları cəzanı alacaqlar.

Maraqlıdır, bütün bunlara baxmayaraq, Avropa siyasətçiləri hələ də ermənilərin tərəfini saxlayaraq Azərbaycanda saxlanılan “hərbi əsirlər” haqqında çıxışlarına davam edəcəklərmi?! Çox güman ki, bəli. Bunun qarşısını almaq üçün bizim xaricdə düzgün qurulmuş ictimai diplomatiya mexanizmimiz olmalıdır. Ölkəmiz haqqında həqiqəti yalnız diplomatlar danışmamalıdır. Bu iş, həmçinin təşkilatlar, fondlar, media, aktivistlərimiz və diasporun işidir və davamlı olaraq həyata keçirilməlidir.

Bu heç də müharibə günlərində həmvətənlilərimizin göstərdiyi böyük şücaətin danılması demək deyil. Yaşadığı yerdən, inancından, etnik mənsubiyyətindən asılı olmadan on minlərlə azərbaycanlı səhərdən axşamadək, sözün əsl mənasında bir çox dillərdə həqiqətləri paylaşdığı həmin o günləri unutmaq olmaz. Bütün bu işləri artıq sistemləşdirmək və gücləndirmək lazımdır.

Digər tərəfdən Qərb siyasətçiləri, Ermənistanın təcavüzkarını “sakitləşdirmək”, ona təzyiq etməməklə, Minsk qrupu çərçivəsində Qarabağla bağlı sülh danışıqlarını iflasa uğratdılar.

Bu siyasətçilərin " Ermənistanın hərbi əsirləri", Minsk prosesi və uzunmüddətli nizamlanmanın vacibliyi ilə bağlı iddialı, pafoslu bəyannamələr prosesə qayıtmaq və ya ən azından, öz əhəmiyyətini nümayiş etdirmək cəhdidir. Ancaq bu cəhdlər sülhə töhfə vermir. Çünki Kanada, Fransa və s. siyasətçilərinin məhz bu məsuliyyətsiz bəyanatları erməni ictimaiyyətini xəyallar dünyasına daha dərin qərq edir və onlarda “Qərb bizə kömək edəcək” ümidini yaradır.

Erməni tərəfi miflərlə yaşamağa davam edir. Miflər dünyasında qisas almaq arzusu ilə yaşayır. Onlar sadəcə bunu anlamırlar ki, azərbaycanlıları müharibə zamanı irəli aparan, başqa bir millətə nifrət hissi yox, öz Vətənlərinə sevgi hissi idi. Azərbaycan dialoqa hər zaman açıqdır. Ermənistan isə hələ bundan sonra sübut etməlidir ki, onun əsgərlərinin və siyasətçilərinin törətdiyi bütün cinayətlərdən və təcavüzlərdən, viran edilmiş şəhər və tövləyə çevrilmiş məscidlərdən sonra ona etibar etmək, onunla sülh bağlamaq mümkündür”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.