MƏDƏNİYYƏT
Nizami Kino Mərkəzində “Yunus İmrə: eşqin səsi”filminin qala-gecəsi keçiriləcəkdir VİDEO
Bakı, 10 fevral (AZƏRTAC). Fevralın 13-də Nizami Kino Mərkəzində Türkiyədə ekranlaşdırılmış “Yunus İmrə: eşqin səsi” filminin qala-gecəsi keçiriləcəkdir.
Kino mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, filmin çəkilişi Yunus İmrənin məmləkəti olan Əskişəhərin - ötən il türk dünyasının mədəniyyət paytaxtının - “Qalıcı əsərlər” layihəsi çərçivəsində reallaşdırılmışdır.
Ekran əsəri yüzillikləri aşan fikirləri ilə tarixin önəmli mütəfəkkiri kimi qəbul edilən, humanizm carçısı, Allaha sevgisini, eşq və əxlaqla bağlı fikirlərini paylaşan, Türkiyə Anadolusunun ən böyük övliyalarından biri, ilahi eşq yolunda özünü axtaran, səkkiz əsr əvvəl yüksələn mənəviyyat memarı Yunus İmrənin həyatından bəhs edir.
Üç il müddətinə çəkilən bu film Anadolunun dörd mövsümünün rənglərini əks etdirir.
Bir çox məşhurların iştirak etdikləri filmin rejissoru Kürşat Kızbazdır.
Yunus İmrə obrazını əvvəllər tarixi şəxsiyyətlərin obrazını yaratmış Devrim Evin canlandırmışdır. Filmdə, həmçinin Burak Sergen, Altan Erkekli, Altan Gördüm, Əhməd Mekin iştirak etmişlər.
Qala-gecədə filmin ssenari müəllifi və rejissoru Kürşat Kızbaz, aktyorlar Devrin Evin, Altan Gördüm, Türkiyənin ölkəmizdəki səfirliyinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları da iştirak edəcəklər.