DÜNYA
Norveç koronavirus vaksinlərini hazırlamaq üçün 200 milyon kron ayırır
Stokholm, 27 fevral, AZƏRTAC
Norveç yeni koronavirus vaksinlərini hazırlamaq üçün 200 milyon kron (təxminən 23,9 milyon ABŞ dolları) ayırır.
AZƏRTAC Norveç hökumətinin dəftərxanasına istinadla xəbər verir ki, vəsait epidemiyaların və pandemiyaların qarşısının alınması üzrə qlobal koalisiyaya (CEPI) göndərilir.
Gələcəkdə CEPI-də hazırlanacaq vaksinlər insanları koronavirusun mövcud və mümkün yeni mutasiyalarından qorumalıdır.
Səhiyyə naziri Bent Hoyenin sözlərinə görə, koronavirus daim dəyişir və ətraf mühitə uyğunlaşır. Tezliklə mövcud vaksinlərə qarşı daha davamlı olacaq yeni mutasiyalar ortaya çıxa bilər. Bundan qorunmaq üçün Norveç CEPI-yə əlavə olaraq 200 milyon kron ayırıb.
Norveç hökuməti hesab edir ki, maliyyələşdirilmənin sabitliyi, vaksinin sürətlə işlənib hazırlanması, yüksək keyfiyyət təminatı və onların istehsalının təşkil edilməsi çox vacibdir.
Vaksin istehsalçılarının əksəriyyəti adətən virusun yeni variantları peyda olandan sonra vaksin işləyib hazırlamağa başlayırlar. Bununla yanaşı CEPI gələcəkdə baş verə biləcək mutasiyalar da daxil olmaqla, insanları geniş spektrli yeni virus ştammından qorumaq üçün vaksin hazırlamağa çalışır.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm