CƏMİYYƏT
Novruz Yer üzünə təravət, yeni ab-hava, torpağa yeni həyat bəxş edir
Bakı, 21 mart, AZƏRTAC
Xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibətilə Suraxanı Rayon İcra Hakimiyyəti “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda ümumrayon şənliyi təşkil edib. Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.
“Atəşgah Məbədi”nin qarşısı baharın gəlişi münasibətilə başdan-başa bayram libasına bürünmüşdü.
Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, Novruz xalq bayramıdır, yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri ilə və mərasimlərlə qarşılanır. Novruz həyatın yenilənməsi, dirçəlişinin rəmzidir. Yer üzünə təravət, yeni ab-hava, torpağa yeni həyat bəxş edir. Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Novruzu milli birlik bayramı adlandırırdı. Ümummilli Liderin bu kursu hazırda uğurla davam etdirilir. Fəaliyyətində milli mənəvi dəyərlərimizin qorunmasına və dünyada təbliğinə böyük önəm verən, neçə-neçə tarixi-mədəniyyət abidələrinin yenidən qurulmasına, muğam musiqi müsabiqələrinin, beynəlxalq festivalların keçirilməsinə, xarici ölkələrdə müxtəlif sərgilərin təşkilinə, bir çox digər irimiqyaslı layihələrin reallaşmasına nail olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb, BMT Baş Məclisi tərəfindən Beynəlxalq Novruz Günü barədə qətnamə qəbul edilib.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, şəhid anası Saray Quliyeva çıxış edərək bayram münasibətilə iştirakçıları təbrik ediblər.
Bayram şənliyində tanınmış incəsənət ustaları, rayonun mədəniyyət ocaqlarının bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirib, rəngarəng konsert proqramı ilə çıxış ediblər.