İDMAN
“Nur-Sultan 2019”: Güləşçilərimiz Hacı Əliyev və Mahir Əmiraslanovun təsəlliverici görüşlərdəki rəqibləri müəyyənləşib
Bakı, 19 sentyabr, AZƏRTAC
Azərbaycanın sərbəst güləşçiləri Mahir Əmiraslanov və Hacı Əliyevin Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatının təsəlliverici görüşlərindəki rəqibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, güləşçilərimiz M.Əmiraslanov (57 kq) monqolustanlı Bexbayar Erdenebat, H.Əliyev (65 kq) isə Misir idmançısı Əmir Ramazan Hüseyn ilə qarşılaşacaq.
Çempionatda yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (82 kiloqram) gümüş, Eldəniz Əzizli (55 kiloqram) isə bürünc medal qazanıblar. Qadın güləşçilərin mübarizəsində isə Mariya Stadnik (50 kq) ikiqat dünya çempionu olmaqla yanaşı, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Elis Manolova (65 kq) isə dünya çempionatını üçüncü pillədə başa vurub.
Qeyd edək ki, dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi 30 dəst medal uğrunda mübarizə aparır. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda güləşçilər 108 Olimpiya vəsiqəsi uğrunda yarışırlar.