REGİONLAR
Nüsnüs kəndində kompleks quruculuq işləri aparılır
Ordubad, 29 sentyabr, AZƏRTAC
Bu ilin mart ayından başlayaraq muxtar respublikanın Ordubad rayonunun Nüsnüs kəndində kompleks quruculuq işlərinə başlanılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, hazırda adıçəkilən yaşayış məntəqəsində məktəb binası, kənd və xidmət mərkəzləri tikilir. Bundan başqa, kəndi rayon mərkəzi ilə əlaqələndirən yol və üzərindəki körpülər yenidən inşa olunur.
Təhsilin səviyyəsini yüksəltmək məqsədilə kənddə əsaslı surətdə yenidən qurulan məktəb binası zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaq. 414 şagird yerlik məktəb binasının və üçmərtəbəli kənd və birmərtəbəli xidmət mərkəzlərinin tikintisini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin inşaatçıları həyata keçirirlər.
Tikintidə yerli inşaat materiallarından istifadəyə üstünlük verilib.
Əsaslı surətdə yenidən qurulan məktəb binasında 23 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter, 2 elektron lövhəli sinif, şahmat və müəllimlər otaqları, kitabxana, bufet, yenidən inşa olunan idman zalı, açıq idman qurğuları müəllim və şagirdlərin istifadəsinə veriləcək, binada müasir istilik sistemi quraşdırılacaq.
Kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının ərazi ilk partiya təşkilatı, ATS, poçt, bələdiyyə, baytarlıq məntəqəsi, mədəniyyət evi, kitabxana, polis sahə məntəqəsi və həkim ambulatoriyası üçün müasir şərait yaradılacaq.
Xidmət mərkəzinin tikintisində də işlər sürətlə davam etdirilir.