SİYASƏT
OMBUDSMAN POLŞAYA YOLA DÜŞMÜŞDÜR
Mayın 29-dan 31-dək Polşanın paytaxtı Varşava şəhərində “Ombudsmanlar və Avropa Birliyi hüququ” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir. Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova bu tədbirdə iştirak etmək üçün Varşavaya yola düşmüşdür.
Ombudsman aparatından AZƏRTAC-a bildirmişlər ki, konfransa Avropa Birliyini təmsil edən ombudsmanlar, habelə Bolqarıstan, Kipr, Çexiya, Macarıstan, Malta, Rumıniya, Slovakiya, Türkiyə, Estoniya, Latviya, Litva və digər ölkələrin ombudsmanları da qatılacaqlar.
Konfransdan məqsəd ombudsmanların fəaliyyətini istiqamətləndirmək, qarşılıqlı təcrübədən faydalanmaq və fikir mübadiləsi aparmaqdır. Avropa Birliyinə yenicə daxil olmuş ölkələrin ombudsmanları inkişaf etmiş dövlətlərdən olan həmkarlarının iş təcrübəsini öyrənəcək, insan hüquqlarının qorunması və həyata keçirilməsində Ombudsman İnstitutunun rolunu təhlil edəcəklər.