CƏMİYYƏT
Odessadakı diaspor nümayəndələrimiz hərbçilərə yardım ediblər
Odessa, 17 oktyabr, AZƏRTAC
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Odessa vilayəti təşkilatı bu şəhərdə yerləşən hərbi hospitalda müalicə alan hərbçilərə yardım ediblər.
Diaspor nümayəndələrimiz hərbçilərə ərzaq, meyvə-tərəvəz, hərbi kitablar gətirərək onların sağlamlıq durumu ilə maraqlanıblar. Konqresin Odessa vilayəti təşkilatının sədr müavini Namiq Talıbov bildirib ki, Azərbaycan diasporu Ukrayna xalqı ilə həmrəydir və əlindən gələn köməyi etməyə həmişə hazırdır. Bu ənənə diaspor təşkilatlarımız tərəfindən davam etdirilir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Ukrayna nümayəndəliyinin rəhbəri Natiq Nağıyev qeyd edib ki, soydaşlarımız dünyanın harasında yaşamasından asılı olmayaraq fəallıq nümayiş etdirir, xalqlar arasına sülhpərvər siyasət yeridirlər.
Hərbi hospitalın rəhbərliyi göstərdikləri dəstəyə görə Azərbaycanın diaspor nümayəndələrinə təşəkkür edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Odessa