REGİONLAR
Odlu silah və pul müqabilində narkokuryerlik edənlər tutuldu VİDEO
Tovuz, 9 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasından qeyri-qanuni yolla rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryerlər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Şəmkir rayon sakinləri olan 2 nəfər yetkinlik yaşına çatmayan şəxs və Emin Mustafaoğlu narkotik vasitəni 1000 manat pul və odlu silah qarşılığında ölkənin digər rayonlarına aparmağa razılaşıblar. Həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətirilən zaman üzərilərindən 1 kiloqram 320 qram heroin, 1 kiloqram 585 qram marixuana və 49 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitəni odlu silah və pul müqabilində çatdırılması barədə razılıq əldə etdiklərini, lakin narkotik vasitəni götürən zaman silahın olmamasını bildiriblər.
Bundan başqa, şöbə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində satış məqsədilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Tovuz rayon Xatınlı kənd sakini Yaşar Əliyev saxlanılıb. Saxlanılan şəxsin üzərindən və yaşadığı evdən 5 bükümdə, müxtəlif çəkilərdə marixuana aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.