REGİONLAR
Oğuz: arpa sahələrində orta məhsuldarlıq 31 sentnerdir
Oğuz, 16 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Oğuz rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası mütəşəkkil davam etdirilir. Cari mövsümdə rayonda 16 min 253 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 11 min 283 hektarı buğda, 4 min 970 hektarını arpa sahələridir. İndiyədək 1200 hektaradək sahənin arpası biçilib, 3 min 720 ton məhsul tədarük olunub. Hər hektardan orta məhsuldarlıq 31 sentner təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.
Qurum rəsmisi bildirib ki, təsərrüfatlarda tütün şitillərinin sahələrə köçürülməsi işi isə artıq yekunlaşmaq üzrədir. Builki mövsümdə rayonda 60 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. İndiyədək təsərrüfatlarda 58 hektar sahəyə tütün şitili köçürülüb. Oğuzlu fermerlər ötən il olduğu kimi, bu il də əsasən “Virciniya botaniki” növlü tütün yetişdirəcəklər. Yaxın günlərdə kümçülərdən yaş barama tədarükünə də başlanılacaq.