İQTİSADİYYAT
Oğuz rayonunda tikinti-quruculuq işləri geniş vüsət alıb
Oğuz, 18 iyul (AZƏRTAC). Oğuz rayonunda 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, hesabat dövrü rayon iqtisadiyyatı üçün uğurlu olub, ayrı-ayrı sahələr üzrə dinamik inkişaf təmin edilib. İqtisadiyyatın əsas sahələrində istehsal olunan məhsul və xidmətlərin həcmi 38 milyon 28 min manat təşkil edib. Buraxılan məhsulun 75,4 faizi istehsal, 24,6 faizi isə xidmət sahələrinin payına düşür. Həmin müddət ərzində rayonda 1 milyon 197 min manatlıq sənaye, 19,5 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Eyni zamanda 8 milyon 148 min manatlıq tikinti işləri həyata keçirilib, 224 daimi iş yeri açılıb.
İclasda, həmçinin qeyd olundu ki, ilin birinci yarısında Azərbaycan Prezidentinin ehtiyat fondundan ayrılan vəsait hesabına Sincan-Xaçmaz-Filfili avtomobil yolunun yenidən qurulması layihəsi üzrə işlər davam etdirilib. Uzunluğu 23,3 kilometr olan yola birinci qat asfalt örtüyü döşənib, yol üzərində 26 ədəd su keçidi tikilib. Bucaq kəndində isə Yaponiya hökumətinin maliyyə dəstəyi ilə tikilən tibb məntəqəsi istifadəyə verilib. Oğuz şəhərində Heydər Əliyev Mərkəzi, Yaqublu və Qarabulaq kəndlərində 220 və 160 şagird-yerlik yeni məktəb binaları tikilir. Bundan əlavə, Oğuz şəhərinin Dədə Qorqud küçəsində və yeni yaşayış massivində hər biri 100 yerlik iki yeni uşaq bağçasının tikintisinə başlanılıb.
2013-cü ildə rayonun Muxas kəndi ərazisində, Daşağıl çayı üzərində təməli qoyulan kiçik su elektrik stansiyasının tikintisi davam etdirilib. Yaşayış məntəqələrinin sel sularından etibarlı mühafizəsini təmin etmək məqsədilə Qalaçay və Türyançay sistemlərində 349 metr uzunluğunda daş-beton bəndlər təmir olunub. Dağ çaylarında 162 min kubmetr həcmdə məcra təmizləmə işləri görülüb.
Yığıncaqda, həmçinin cari ilin birinci yarısında aqrar sahədə görülən işlər də ətraflı təhlil olundu, əhalinin elektrik enerjisi, təbii qaz və içməli su təminatının yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən söhbət açıldı.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edildi.