İQTİSADİYYAT
Oktyabrda OPEC+ sazişinə 104 faiz əməl olunub
Bakı, 11 noyabr, Nihad Budaqov, AZƏRTAC
Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan bəzi ölkələrlə (OPEC+) əldə olunan neft hasilatının azaldılmasına dair sazişə oktyabr ayında 104 faiz əməl edilib.
AZƏRTAC OPEC-ə istinadla xəbər verir ki, bu barədə noyabrın 11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) XI iclasında bildirilib.
Xatırladaq ki, sentyabr ayında OPEC+ sazişinə 111 faiz əməl olunmuşdu.
Qeyd edək ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində təşkilata üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari ilin iyunun 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin IV iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.