CƏMİYYƏT
“Ölkəmizi tanıyaq” layihəsi gənclərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır
Bakı, 13 noyabr, AZƏRTAC
Noyabrın 13-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə səfərə çıxan şagirdlərlə görüş keçirilib.
Qaradağ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə məktəblilər ulu öndər Heydər Əliyevin abidəsi önünə güllər düzərək, əziz xatirəsini yad ediblər.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov görüşdə çıxış edərək bildirib ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyalarının təşkil olunması artıq ənənə halını alıb. Qeyd edib ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır. Dövlətimizin başçısının təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən “Ölkəmizi tanıyaq” layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq. Əvvəlki illərdə iştirak edən şagirdlərin ekskursiyadan zəngin və xoş təəssüratlarla döndüklərini deyən icra başçısı bu səfərin də çox uğurlu və faydalı olacağına əminliyini bildirib.
Diqqətə çatdırılıb ki, Qaradağ rayonunun 40 məktəblisi tur-aksiya çərçivəsində noyabrın 13-16-da Gəncə, Şəmkir, Göygöl şəhər və rayonlarına səfər edəcək, bölgənin tarixi məkanları, yeni tikililəri ilə yaxından tanış olmaq imkanı qazanacaqlar. Gəncə şəhərində Qədim qala divarları, Gəncə Tarix-Diyarşünaslıq Muzeyi, “İmamzadə” kompleksi, Nizami Gəncəvinin məqbərəsi, Şəmkirdə “Orta əsr Şəmkir şəhəri”, Alman kilsəsi, “İstiqlal” parkı, Göygöldə Heydər Əliyev Mərkəzi, Bayraq meydanı, Göygöl Milli Parkı və digər məkanlara ekskursiyalar şagirdlərin yaddaşında silinməz iz qoyacaq.
Sonra çıxış edən müəllimlər, valideynlər, məktəblilər dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın onlara göstərdiyi diqqət və qayğıdan məmnunluqlarınıı bildirdilər, gənc nəsil üçün yaradılan şəraitdən söz açdılar.
Daha sonra məktəblilər rayon icra hakimiyyətinin əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin, müəllimlər və valideynlərin iştirakı ilə Gəncə-Şəmkir-Göygöl istiqamətində tur-aksiyaya yola salındılar.