REGİONLAR
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası gənclərə dövlət qayğısının təzahürüdür VİDEO
Ağcabədi, 16 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Martın 16-da Ağcabədi şəhərinin mərkəzi meydanında rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə rayonun məktəblilərindən ibarət qrupun İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə yola salınması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Naibə Mustafayeva və təhsil şöbəsinin müdiri Mehdi Əhmədov çıxış edərək, dövlətimizin başçısının tapşırığına əsasən təşkil olunan aksiyanın əhəmiyyətindən danışıb, məktəblilərə xoş və mənalı səfər arzulayıblar. Bildirilib ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin Vətənə, Azərbaycan xalqının milli mənəvi dəyərlərinə hörmət və məhəbbət ruhunda tərbiyə olunmasıdır. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar da məhz bu amala xidmət edir.
Qrupun rəhbəri, rayonun 8 nömrəli tam orta məktəbinin müəllimi Xuraman Quliyeva AZƏRTAC-a müsahibəsində deyib: “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası məktəblilərin dünyagörüşünün artmasında, onların Vətənimizi daha yaxından tanımasında böyük əhəmiyyət kəsb edir. Məktəblilər İsmayıllı rayonu, Lahıc qəsəbəsi, Qəbələ şəhərində “Qəbələnd” istirahət mərkəzi, “Beltmann” piano zavodu, “Tufandağ” Xizəkçilik Kompleksi, Nohur göl, Nic kəndi, Şəkidəki tarixi abidələrlə, eləcə də bölgələrdə həyata keçirilən sosial-iqtisadi inkişafla tanış olacaqlar. İnanıram ki, onlar bu səfərdən ən xoş və unudulmaz təəssüratlarla dönəcəklər. Bu tur-aksiya gəncliyin inkişafına göstərilən dövlət qayğısının əyani təzahürüdür”.
Ağcabədi şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Ayxan Əliyev isə fikirlərini belə ifadə edib: “Həmişə Vətənimi gəzməyi, rayonlarımızla daha yaxından tanış olmağı arzulayırdım. Bu arzuma çatdığım üçün çox sevinirəm. Tezliklə şagird dostlarımla birgə İsmayıllı, Qəbələ və Şəki rayonlarının füsunkar təbiəti, görməli yerləri ilə tanış olacağıq. Bu səfər bizə çox şey verəcək. Buna görə tur-aksiyanın təşkilatçılarına minnətdarlıq edirəm”.
Tur-aksiya iştirakçıları ulu öndər Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət etdikdən sonra İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə yola düşüblər.