CƏMİYYƏT
“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində naxçıvanlı məktəblilər Bakıya gəliblər VİDEO
Bakı, 15 mart, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasından yola salınan şagirdləri Bakıya gətirən təyyarə martın 15-də Heydər Əliyev Beynəlxalq Aeroportunda yerə enib.
AZƏRTAC xəbər verir ki, üzərinə “Ölkəmizi tanıyaq”, “Novruz bayramınız mübarək”, “Əziz naxçıvanlılar, Bakı şəhərinə xoş gəlmisiniz!” sözləri yazılmış banerlər quraşdırılan foyedə tur-aksiya iştirakçılarını folklor və rəqqaslar qrupu, Novruzun rəmzləri sayılan Kosa, Keçəl, Bahar qızı, əllərində səməni və bayram xonçaları olan milli geyimli qızlar qarşılayıblar.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Baba Əliyev AZƏRTAC-a açıqlamasında qeyd edib ki, muxtar respublikadan IX-XI siniflərdə təhsil alan 160 şagird, 20 bələdçi-müəllim Bakıya gəlib. “Bu aksiya şagirdlərə öz dünya görüşlərini və biliklərini zənginləşdirməyə imkan yaradır. Şagirdlər aksiya çərçivəsində Azərbaycanın tarixi abidələri və muzeyləri ilə tanış olacaq, paytaxtın müasir tikililərinə baş çəkəcəklər. Əminəm ki, naxçıvanlı məktəblilər Bakıdan zəngin təəssüratlarla ayrılacaqlar”, - deyə B.Əliyev vurğulayıb.
Naxçıvan şəhər 17 saylı tam orta məktəbin XI sinif şagirdi Nərgiz Hacıyeva məktəblilər üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib, tur-aksiya çərçivəsində Bakıda yeni dostlar qazanacağını söyləyib.
Tur-aksiya iştirakçıları olan naxçıvanlı məktəblilər ekskursiya ərzində Azərbaycanın tarixi ilə bağlı zəngin məlumatlar əldə edəcəklərinə əminliklərini bildiriblər.
Daha sonra Naxçıvan məktəblilərinə Novruz bayramının rəmzi hesab olunan xonça təqdim edilib.
Naxçıvanlı şagirdlər dörd gün ərzində Bakıda Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək, Heydər Əliyev Mərkəzi, Qız qalası, Şirvanşahlar sarayı, Milli Azərbaycan Tarixi Muzeyi, İncəsənət və Xalça muzeyləri, “Atəşgah” məbədi və digər mədəni-tarixi yerlərlə tanış olacaqlar.