REGİONLAR
“Ölkəmizi tanıyaq” tur-aksiyası gənclərə dövlət qayğısının təzahürüdür
Biləsuvar, 23 mart, Mahir Babayev, AZƏRTAC
Martın 23-də “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil edilən tur-aksiyanın Biləsuvar rayonundan olan iştirakçıları - rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri və onları müşayiət edən müəllimlər Quba-Qusar-Xaçmaz marşrutu istiqamətində yola düşüblər.
AZƏRTAC xəbər verir ki, yolasalma mərasimində rayon rəhbərliyi, müəllimlər və valideynlər iştirak ediblər.
Tur-aksiyanın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini anıblar.
Qrupun rəhbəri, rayon icra hakimiyyətinin əməkdaşı Ləman Yüzbaşova bildirib ki, “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası gənclərə dövlət qayğısının təzahürüdür. Buna görə dövlətimizin başçısına minnətdarlığımızı bildiririk. Maarifləndirici tur-aksiya təkcə regionlarla tanışlıq məqsədi daşımır. Səfər zamanı şagirdlər maraqlı tədbirlərdə iştirak etmək imkanı da əldə edəcəklər.
Sonra biləsuvarlı məktəblilər xüsusi avtobusla yola salınıblar.