REGİONLAR


“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Astara və Masallı rayonlarına səyahət edib

Astara-Masallı, 25 mart, Bağır Əliyev, AZƏRTAC

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı olan Abşeron, Sumqayıt, Mingəçevir, Naftalan şəhərlərinin, Siyəzən, Şabran, Xızı, Qubadlı və Laçın rayonlarının məktəblilərinin cənub bölgəsi ilə tanışlığı davam edir.

AZƏRTAC xəbər verir ki, Lənkəran rayonu ilə iki günlük tanışlıqdan sonra şagirdlər və onların müəllimləri martın 25-də Astara və Masallı rayonlarına səyahət ediblər.

Humanitar aksiyanın iştirakçılarını Astarada rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər, gənclər və ictimaiyyətin nümayəndələri qarşılayıblar.

Astara Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Mərasim Hacızadə məktəbliləri və onların müəllimlərini Novruz bayramı münasibətilə təbrik edərək ən xoş arzularını çatdırıb.

M.Hacızadə məktəblilərə Astaranın qədim tarixi, mədəniyyəti, adət-ənələri, turizm potensialı, əhalisinin məşğulluğu və sosial-iqtisadi inkişafı barədə məlumat verib.

Qeyd olunub ki, Astara zəngin təbiətə və qədim tarixə malik, nadir el sənətkarlığının, qədim adət-ənənlərin və folklurun qorunduğu yaşayış məntəqəsidir.

Məktəblilər Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyat və fəaliyyətini, onun Astara rayonuna səfərlərini əks etdirən fotoşəkillərlə tanış olublar.

Sonra tur-aksiyanın iştirakçıları Astara şəhərində, Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksinə səyahət ediblər.

Park-bulvar kompleksi ilə tanışlıqdan sonra məktəblilər “Astaraçay” MMC-nin çay fabrikində çay emalı prosesini izləyib, burada yaradlmış “Çay muzeyi”də nümayiş etdirilən eksponatlara baxıblar.

Günün ikinci yarısında məktəblilər və onların müəllimləri Masallı rayonuna səyahət ediblər.

Masallıda tur-aksiyanın iştirakçılarını rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.

Masallı şəhərindəki Bayraq Meydanında məktəblilər qarşısında çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaların əhəmiyyətindən danışıb, səyahət edən məktəblilərə xoş arzularını çatdırıb.

Məktəblilər Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponat və fotoşəkillərlə tanış olublar.

Sonra məktəblilər Masallı Sənaye Məhəlləsi, Masallı Uşaq İncəsənət Məktəbi, Azərbaycanın Dövlət Rəmzləri Muzeyi və Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olublar.

Tur-aksiyanın iştirakçıları Masallıdakı “Asan Həyat” kompleksindəki “İntellektual Mərkəz”də keçirilən Masallı məktəblilərinin “Breyn-rinq” yarışmasını izləyiblər.

Astara və Masallı rayonları ilə tanışlıqdan sonra tur-aksiyanın iştirakçıları Lənkərana qayıdıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.