CƏMİYYƏT
Ölkəmizin müstəqillik yolunda atdığı uğurlu addımlar Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başladı
Bakı, 13 iyun, AZƏRTAC
1993-cü il iyunun 15-i böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Xalqımızın ümummilli lideri Heydər Əliyevin həmin gün xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu.
Həmin hadisələri xatırlayan Bakı 1 nömrəli Tibb Kollecində Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Sevinc Əhmədova deyib: “1993-cü ilin ortalarına doğru hakimiyyət böhranı getdikcə daha da kəskinləşirdi. Hakimiyyətdə olan qüvvələr öz səriştəsiz əməlləri ilə dövlət müstəqilliyi üçün çox böyük təhlükə yaratmış, ölkəni vətəndaş qarşıdurması vəziyyətinə gətirib çıxarmışdılar. Hər yerdə hərc-mərclik, özbaşınalıq hökm sürürdü. Əbəs yerə deyil ki, müstəqil Azərbaycanın qurucusu və memarı olan Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini sonralar belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı".
YAP sədrinin müavini söhbətinə davam edərək deyib: “Doğrudan da müstəqilliyin ilk illərində dövlətin idarəçilik sükanı arxasında bütün qüvvələri bir yerə cəmləşdirə bilən güclü bir lider yox idi. Həmin dövrdə Azərbaycan ərazilərinin davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin günbəgün ağırlaşan sosial durumu ölkəni bu bəlalardan çıxara biləcək və xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu zəruri edirdi. Yenicə müstəqillik qazanmış ölkəni düçar olduğu vəziyyətdən çıxarmağa qadir olan yeganə şəxsiyyət Heydər Əliyev idi. Əslində, bu, bütün xalqın fikri idi. Hamı bu böyük şəxsiyyətə, görkəmli və müdrik dövlət rəhbərinə ümid yeri kimi göz dikmişdi.
Əlbəttə ki, öz xalqını bütün varlığı ilə sevən, ona qəlbən, ruhən bağlı olan dahi şəxsiyyət belə ağır dövrdə yaxasını kənara çəkə bilməzdi. Axı o, bu ölkənin inkişafı, tərəqqisi üçün çox böyük fədakarlıq nümunəsi göstərmişdi. Ötən əsrin 60-cı illərinin axırlarında respublika rəhbərliyinə gələn Heydər Əliyev Azərbaycanı geridə qalmış aqrar ölkədən inkişaf etmiş sənaye ölkəsinə çevirmişdi. İqtisadiyyatın elə bir sahəsini tapmaq olmazdı ki, onun rəhbərliyi ilə yeni inkişaf mərhələsinə çıxmasın. Necə deyərlər, öz əli ilə qurduğu dövləti od içində qoya bilməzdi.
Xalqın xahiş və tələbi ilə Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmləndirilməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. 1993-cü ildə "olum, ya ölüm" dilemması qarşısında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində onu gözləyən təhlükədən qurtuldu, zaman keçdikcə inkişaf edərək qüdrətli bir dövlətə çevrildi”.
Sevinc Əhmədova deyir: “Hər şey iyunun 15-dən - Ulu Öndərin Vətənə qayıdışından, müstəqil respublikamızın sükanı arxasına keçəndən sonra başladı. Ona görə də həmin vaxtdan Azərbaycan xalqı 15 iyunu əziz bayram kimi qeyd edir və milli dövlətimizin qurtuluşunun başlanğıcı kimi dəyərləndirir. Onun hakimiyyətə qayıdışından sonra ölkəmizdə görülən işlər, gərgin zəhmət, əzm və siyasi iradə sayəsində həyata keçirilən nəhəng quruculuq planları öz miqyasına görə hər kəsdə heyrət doğurur.
Artıq Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılıb və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri var. Onun siyasi xadim kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanı hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olmuşdur.
Bu gün Heydər Əliyev bizimlə olmasa da, həmişə ürəyimizdə, qəlbimizdə yaşayır, onun əməlləri, ideyaları ildən-ilə çiçək açır. Bu gün onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Ümummilli Liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır”.
O, müsahibənin sonunda deyib: “Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörən siyasəti və fədakarlığı onun ömür yolunu doğma vətənə xidmət nümunəsinə çevirib. O, çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində zəmanəmizin əbədiyaşar dahisi kimi həmişə böyük sevgi, hörmət və ehtiramla xatırlanacaq”.