CƏMİYYƏT
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan sürücü həbs edilib
Bakı, 21 sentyabr, AZƏRTAC
Sentyabrın 17-də saat 23 radələrində Xırdalan şəhəri ərazisində naməlum sürücü idarə etdiyi “Mersedes Benz” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada - 1974-cü il təvəllüdlü Ağayeva Səmayə Sabir qızını vuraraq hərəkət zolağının qarşı tərəfinə çıxıb “Ford” markalı 99-HP-526 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq hadisə yerindən qaçıb. Piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fakta görə Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin 1990-cı il təvəllüdlü, Binəqədi rayon sakini Ruzpeykar Orxan Rüfət oğlu tərəfindən ona məxsus “Mersedes Benz E 240” markalı 90 CP 033 dövlət qeydiyyat nişanlı avtomobillə törədilməsi müəyyən edilib. O, sentyabrın 20-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunan O.Ruzpeykara Cinayət Məcəlləsinin həmin maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.