İDMAN


On altı gimnast Bakıda keçirilən dünya çempionatında “Tokio 2020” Oyunlarına lisenziyanı təmin edib

Bakı, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 20-də rusiyalı Dina Averina Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi çoxnövçülük yarışlarının qalibi olub.

AZƏRTAC xəbər verir ki, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatın beşinci günündə 24 gimnast çoxnövçülük yarışlarının finalında mübarizə aparıb.

Yarışda Rusiya, Ukrayna, İsrail, Bolqarıstan, ABŞ, Belarus, İtaliya, Yaponiya 2, Azərbaycan, Özbəkistan, Macarıstan, İspaniya, Rumıniya, Fransa, Gürcüstan və Sloveniya 1 gimnastla təmsil olunub. Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə ediblər.

Rusiyalı əkiz bacılar Dina və Arina Averinalar dünya çempionatının ilk iki pilləsində qərarlaşıblar. D.Averina 91,400 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və üçqat dünya çempionu adını qazanıb. Onun bacısı 91,100 xalla gümüş medala sahib olub. İsrailli gimnast Linoy Aşram isə 89,700 xalla çempionatı üçüncü pillədə başa vurub.

Azərbaycan gimnastı Zöhrə Ağamirova 78,725 xalla 16-cı olub və “Tokio 2020”yə vəsiqəni təmin edib.

Olimpiadaya lisenziya qazanan idmançılar arasında Dina və Arina Averinalar, israilli gimnastlar Linoy Aşram, Nikol Zelikman, Bolqarıstan təmsilçiləri Boriana Kaleyn, Katrin Taseva, ukraynalı Vlada Nikolçenko, Kristina Poqraniçnaya, İtaliya atletləri Aleksandra Aqiurqiuculese, Milena Baldassarri, ABŞ gimnastları Evita Qriskenas, Laura Zenq, yaponiyalı Kaho Minaqava, Belarus idmançıları Anastasiya Salos, Katarina Halkina və təmsilçimiz Z.Ağamirova yer alıblar.

Yarışlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Həmçinin yarışın tərəfdaşı olan “Longines” şirkətinin təsis etdiyi “Prize of Elegance” mükafatının qalibi müəyyənləşib. Belə ki, mükafat ABŞ idmançısı Laura Zenqə təqdim olunub.

Altmış bir ölkədən 300-dən çox idmançının mübarizə apardığı çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.