CƏMİYYƏT


On beş əməliyyat keçirən Vətən müharibəsi qazisi: Canımı fəda etməyə hazıram!

Bakı, 15 iyul, AZƏRTAC

Cahangir Vətən müdafiəçilərindən biridir. Ötən il sentyabrın 27-də Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlara əks-hücum əməliyyatı ilə cavab verən Azərbaycan Milli Ordusunun döyüşçülərindən olan Cahangir minlərlə gənc həmkarı kimi silaha sarılıb. Müharibənin üçüncü günündə Kəlbəcər uğrunda gedən döyüşlərdə raket mərmisi partlayışı nəticəsində ağır yaralanıb.

Cahangir Gülbala oğlu Əliyev 1999-cu ildə Sumqayıtda doğulub. Orta təhsili başa vurduqdan sonra 2019-cu ildə həqiqi hərbi xidmətə yollanan Cahangirin ordudan tərxis olunmasına 3 gün qalmış Vətən müharibəsi başlayıb.

Cahangirin anası Sevda Əliyeva müharibə qazisinin səhhəti barədə AZƏRTAC-a məlumat verib. Qazi anası deyir ki, raket mərmisinin partlayışı nəticəsində yaralanan Cahangirin sol gözü görmür, qulağı eşitmir və danışmaqda problemləri var: “Hadisədə oğlumun üzü yanmışdı. Plastik əməliyyat keçirib, yeni dəri köçürülüb. Şükürlər olsun, əvvəlki ilə müqayisədə, xeyli yaxşıdır. Amma yeriyə bilmir, əl barmaqlarını itirib. Həkimlər deyir ki, vəziyyətinin nisbətən düzəlməsi üçün təxminən 4 il gözləmək lazımdır. İnanıram ki, oğlum sağalacaq və ayağa qalxacaq. Cahangir deyir ki, ana, Vətən üçün canımı fəda etməyə hər an hazıram”.

Qazi anası, həmçinin qeyd edib ki, Cahangir hazırda Türkiyədə müalicəsini davam etdirir: “4 aydır ki, buradayıq. Bütün xərclərimiz “YAŞAT” Fondu tərəfindən ödənilir. Fondun əməkdaşlarına, xalqımıza və əziyyət çəkən bütün həkimlərə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, ümumilikdə 15 əməliyyat keçirən Vətən müharibəsi qazisi “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.