REGİONLAR
Ordubadlı gənclər “Poladın 7 anı” sənədli filmini izləyiblər
Ordubad, 15 iyul, AZƏRTAC
Ordubad rayon Mədəniyyət sarayında reallaşan film nümayişi gənclərin vətənpərvərlik və vətəndaşlıq hisslərini yüksəltmək, Milli Qəhrəman Polad Həşimovun nümunəvi xidmətinə, qəhrəmanlıq yoluna nəzər yetirmək məqsədilə təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Ordubad Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və YAP Ordubad Rayon Təşkilatı Gənclər Birliyi tərəfindən təşkil edilən film nümayişinə 120-dən çox yeniyetmə və gənc qatılıb.
Ekran əsərinin nümayişindən əvvəl çıxış edənlər bildiriblər ki, müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri isə yalnız öz Vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər. Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə və arxa cəbhədəki mübarizəmizdə Azərbaycan gənci öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdi. Şübhəsiz ki, Polad Həşimov kimi yüksək hazırlıqlı və peşəkar zabitimizin fəaliyyət yolu, qəhrəmancasına şəhidlik zirvəsinə ucalması şanlı zəfər tariximizdə daim xatırlanacaq.
Qeyd edək ki, İlham Tumasın müəllifi olduğu sənədli film iyulun 14-də Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimova həsr edilib.