SİYASƏT


Ordumuz həm də ekoloji fəlakətin qarşısını alır

Bakı, 24 oktyabr, AZƏRTAC 

Azərbaycan dünya miqyasında dinamik inkişaf edən, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi əhəmiyyətə malik bir ölkədir. Bu gün Azərbaycan ictimai-siyasi sabitliyin ən yüksək səviyyədə təmin edildiyi ölkələr sırasındadır. Lakin Azərbaycanın 30 ildən artıqdır ki, həll edilməmiş Qarabağ problemi ölkənin inkişafı üçün əngəllər törədir. Ermənistanın təcavüzkar siyasəti nəticəsində uzun illərdir ki, Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağ ərazisi və ətraf yeddi rayon işğal altında idi.

Bu il sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə əks-hücum əməliyyatı həyata keçirməyə başlayıb. Azərbaycan Ordusu Beynəlxalq humanitar hüququn və Cenevrə Konvensiyasının bütün prinsiplərinə əməl edərək, yalnız hərbi obyektlərə qarşı əməliyyatlar həyata keçirir. Lakin erməni tərəfi cəbhədəki uğursuzluğunu ört-basdır etmək məqsədilə mülki əhalini hədəf götürərək, cəbhə xətti ilə heç bir əlaqəsi olmayan Gəncə və Mingəçevir şəhərlərinə qadağan olunmuş raketlərdən atəş açmaqda davam edir. Bu isə beynəlxalq konvensiyalarla hərbi cinayət hesab edilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov söyləyib.

O vurğulayıb ki, ciddi təhlükələrdən biri də işğalçı dövlətin Mingəçevir Su Anbarına və bu anbar üzərində tikilmiş elektrik stansiyasına raket zərbələri endirmək cəhdləridir. Cənubi Qafqazın ən böyük su anbarının dağıdılması ilk növbədə 100 mindən çox əhalisi olan Mingəçevir şəhərinin xəritədən silinməsi, eyni zamanda, digər yaşayış məntəqələrinin su altında qalması ilə nəticələnə bilər. Bu səbəbdən, Ermənistanın hərbi təcavüzü, həmçinin dünya ekoloji mühiti üçün təhdiddir.

Xatırlatmaq yerinə düşər ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti məhz Topxana meşəsinin qırılması ilə başlayıb. İşğal olunmuş ərazilərdə 260,3 min hektarda böyük bir hissəsi endemik sayılan yüzlərlə növ bitkilər olan meşə sahələri, 43 min hektar sahəsi olan 6 xüsusi mühafizə olunan təbiət əraziləri qalıb. Burada “Qırmızı Kitab”a daxil edilmiş çoxsaylı fauna və flora növləri kökü kəsilmək təhlükəsi altındadır. Sözügedən ərazilərdə yüzlərlə təbiət abidəsi və geoloji-paleontoloji obyektlər məhv edilir. Burada qəsdən törədilmiş yanğınlar nəticəsində geniş ərazilərdə torpağın münbit qatı və canlı aləm məhv edilib. Azərbaycan ərazisindən axan və öz mənbəyini Ermənistan, yaxud onun işğal etdiyi ərazilərdən götürən çayların uzun illər ərzində çirkləndirilməsi qiymətli balıq növlərinin azalmasına və ya kökünün kəsilməsinə səbəb olub.

“Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik 7 relikt göl və 10 su anbarı ciddi antropogen təsirə məruz qalır. Digər tərəfdən, anbarların suyu qış vaxtı ərazinin mövsümü ehtiyacları nəzərə alınmadan buraxılır və nəticədə yaşayış məntəqələri, kənd təsərrüfatı sahələri və kommunikasiya xətləri su altında qalır. İsti yay mövsümündə isə illik su normasının cüzi hissəsi buraxılır ki, bu da kəskin su qıtlığı yaradır. Su tutumu 560 milyon kubmetr olan Sərsəng su anbarı baxımsızlıqdan sıradan çıxmaq üzrədir. Uzun müddətdir ki, texniki xidmət göstərilmədiyindən, qəza vəziyyətində olan Sərsəng su anbarından aşağıda, dağətəyi və aran hissədə yerləşən yaşayış məntəqələrindəki 400 min əhali təhlükə altındadır.

Qeyd olunan faktları nəzərə alaraq, Avropa Şurası Parlament Assambleyası tərəfindən Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı 2016-cı ildə 2085 nömrəli qətnamə qəbul edilib. Qətnamədə vacib humanitar problem nəzərə alınaraq, Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb olunub.

Ölkənin işğal olunmuş ərazilərində zəngin mineral resurslar mövcuddur ki, bu sərvətlər də uzun illərdən bəri talan edilir. Sadalanan bu faktları nəzərə alaraq, dünyanın ekoloji mühitini təhdid altına alan erməni vandalizminin yaratdığı təhlükələrin qarşısını almaq məqsədilə Azərbaycan Ordusu müqəddəs bir işi yerinə yetirir. Hesab edirik ki, görülən bu tədbirlər vahid dünyamızı qorumağa xidmət edərək onun ekologiyasına da töhfə verəcək”, - deyə Sadiq Qurbanov fikirlərini yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.