DÜNYA
Orta Asiya respublikalarında Ramazan bayramı qeyd edilir
Bişkek, 6 iyul, AZƏRTAC
İyulun 6-da Orta Asiya respublikalarında - Qırğızıstan, Tacikistan və Özbəkistanda da Ramazan bayramı geniş qeyd edilir. Bu gün hər üç dövlətdə istirahət günüdür.
Qırğızıstan Prezidenti Aparatının informasiya siyasəti şöbəsinin verdiyi məlumata görə, dövlət başçısı Almazbek Atambayev Bişkekdəki Araşan məscidində keçirilən bayram namazına qatılıb. Prezident məscidə gələnləri və Qırğızıstanda yaşayan bütün xalqların nümayəndələrini təbrik edib.
Sonra dövlət başçısı Bişkek yaxınlığındakı Ata-Beyit memorial kompleksinə gedərək 2010-cu il iyulun 7-də Ala-Too meydanında həlak olanların xatirəsini anıb.
Tacikistan Prezidenti Emoməli Rahmon da müqəddəs Ramazan bayramı münasibətilə ölkə vətəndaşlarını təbrik edib, onlara sülh və əmin-amanlıq arzulayıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek