ELM VƏ TƏHSİL


Orta Kür hövzəsində Neolit dövrü qədim yaşayış məskənləri tədqiq olunub

Bakı, 1 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev Tovuzda Göytəpə qədim yaşayış yerinin arxeoloji materialları kontekstində orta Kür hövzəsi ərazilərində yerli yaşayış məskənləri sisteminin lokal aspektlərini tədqiq edib. AMEA-dan AZƏRTAC-a bildirilib ki, F.Quliyev qədim yaşayış yerinin 14 tikili mərhələsi (bina evlərinin mərhələli tikintisi) üzrə 45 radio karbon analiz Kür çayının orta axarında formalaşmış yaşayış məskənlərinin xronoloji çərçivəsini ilk dəfə olaraq dəqiq müəyyənləşdirib. Abidənin eramızdan əvvəl 5650 və 5460-cı illərə aid olduğu təyin edilib.

Tovuz bölgəsində Cənubi Qafqazda Neolit dövrünün erkən mərhələsini göstərən arxeoloji komplekslərin mövcudluğunu əks etdirən, Göytəpə qədim yaşayış yerindən bir kilometr aralıda yerləşən Hacıələmxanlı abidəsinin radio karbon analizi və arxeoloji materialların təhlili abidənin Göytəpədən 200 il əvvələ aid olduğunu müəyyən edib. Bölgədə son iki ildə davam etdirilən tədqiqat işləri Neolit dövrünə aid yeni abidənin öyrənilməsinə şərait yaradıb. Göytəpənin ətraf ərazilərinə daxil olan Kiçiktəpə qədim yaşayış yeri iri ölçülü dairəvi planlı tikililəri ilə diqqəti cəlb edir.

Qeyd edək ki, Göytəpə və ətrafında yerləşən Neolit dövrünün qədim yaşayış yerlərinin tədqiqatları yaxın illərdə də davam etdiriləcək. Xarici mütəxəssislərin iştirakı ilə aparılacaq multidissiplinar xarakterli tədqiqatlar zamanı orta Kür hövzəsi ilə Arazboyu vadidə neolitləşmə proseslərinin müqayisəli təhlilinin aparılması planlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.