Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, müəyyən edilmiş iqtisadi və sosial siyasət kursunun qısamüddətli və ortamüddətli dövrlər üçün hədəflərini özündə aydın ehtiva edən ortamüddətli xərclər çərçivəsinin hazırlanması və bu zəmində nəticəəsaslı büdcə tərtibi mexanizminə keçid üçün ilkin zəruri tədbirlərin görülməsi məqsədi ilə qərara alıram:

1. “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmanla təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın 4.7-ci bəndində qeyd olunan büdcə təşkilatlarının sektor strateji planlarının hazırlanması qaydasını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.5. bu Fərmanla təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın 2020-ci və 2021-ci illərin dövlət büdcəsi layihəsinin tərtibi prosesinə və büdcə təqviminə paralel olaraq tətbiqini təmin etsin;

2.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 avqust 2018-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin