İQTİSADİYYAT
Ötən il Avropa İttifaqının Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 38 faiz olub
Bakı, 29 sentyabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında əməkdaşlıq çoxşaxəlidir. Aİ ölkəmizin əsas xarici ticarət tərəfdaşıdır. 2020-ci ildə Azərbaycanın ticarət dövriyyəsi 9,3 milyard dollar təşkil edib və Aİ-nin Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 38 faiz olub.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov sentyabrın 29-da Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunda deyib.
“Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan ilə Çexiya arasında bütün sahələrdə, istər siyasi, istər iqtisadi, istərsə də humanitar və digər istiqamətlərdə sıx qarşılıqlı əlaqələr mövcuddur. Əməkdaşlıq üçün müqavilə bazası yaradılıb. İqtisadi əməkdaşlıq, investisiyaların təşviqi və qarşılıqlı qorunması, ikiqat vergitutmanın aradan qaldırılması və digər sahələrdə 30-a yaxın sənəd imzalanıb. Pandemiyadan əvvəl Çexiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 88 faizi Azərbaycanın payına düşüb”, - deyə N.Səfərov qeyd edib.