İQTİSADİYYAT
Ötən il Neft Fondunun büdcə gəlirləri 19 milyard manat, büdcə xərcləri isə 11,5 milyard manat olub
Bakı, 28 fevral, AZƏRTAC
2019-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 19 milyard 30,6 milyon manat, büdcə xərcləri isə 11 milyard 588,6 milyon manat təşkil edib.
ARDNF-dən AZƏRTAC-a bildirilib ki, ötən il fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 15 milyard 404,7 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 14 milyard 614,7 milyon manat, bonus ödənişləri 766,4 milyon manat, akrhesabı ödənişləri 4,7 milyon manat, tranzit gəlirləri 18,9 milyon manat olub.
Ötən il ərzində fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 3 milyard 625,9 milyon manata bərabər olub ki, bu da ümumi gəlirlərin 19,1 faizini təşkil edir.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar gəliri 731,7 milyon manat təşkil edib.
Keçən il ərzində ARDNF-in 2019-cu il büdcəsinin icrası çərçivəsində 11 milyard 364,3 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 200 milyon manat vəsait ayrılıb. 2019-cu ildə ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 24,3 milyon manat olub.
Bu il yanvarın 1-nə Dövlət Neft Fondunun aktivləri 2019-cu ilin əvvəlinə (38 milyard 515,2 milyon ABŞ dolları) nisbətən 12,48 faiz artaraq 43 milyard 323,3 milyon ABŞ dollarına bərabər olub. Aktivlərin artımı fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb. Belə ki, səhm alt portfeli üzrə ötənilki mənfi gəlirliliyə baxmayaraq (-6,6 faiz), 2019-cu il ərzində müvafiq göstərici 21,5 faiz (özəl səhmlər daxil olmaqla) təşkil edib.