İDMAN
Ötən il ölkə futbolunun inkişafı üçün uğurlu olub VİDEO
Bakı, 7 mart, AZƏRTAC
Martın 7-də Bakıda AFFA-nın növbəti konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, AFFA-nın prezidenti Rövnəq Abdullayev konfransı açaraq iştirakçıları, qonaqları və KİV əməkdaşlarını salamlayıb. Bildirib ki, hesabat dövründə ölkə futbolunun inkişafı üçün uğurlu olub və bu məqsədlə müxtəlif tədbirlər həyata keçirilib. “Ötən il, eyni zamanda, AFFA-nın təsis olunmasının 30 illik yubileyi ilə əlamətdar idi. Sevindirici haldır ki, Prezident İlham Əliyev yubiley ilində futbol ictimaiyyətinin nümayəndələrini fəxri adla və “Tərəqqi” medalı ilə təltif etdi. Futbolumuzu hər zaman diqqət mərkəzində saxlayan və dəstəkləyən dövlətimizin başçısına futbol ailəsi adından bir daha təşəkkürümüzü bildiririk. Gənclər və İdman Nazirliyi tərəfindən də təltif olunan əməkdaşlarımız oldu. Onları da bir daha təbrik edir, Gənclər və İdman Nazirliyinə təşəkkür edirik”, - deyə AFFA-nın prezidenti qeyd edib.
Hesabat ilində “Qarabağ” klubunun avrokuboklarda uğurlu çıxışı ilə böyük sevinc hissləri yaşatdığını söyləyən Rövnəq Abdullayev deyib: “Milli komandamızın da ardıcıl 5 oyunda qələbə qazanması xüsusi vurğulanacaq məqamlardandır. Görülmüş işləri, əldə olunmuş nəticələri konfransın gedişində bir daha ətraflı şəkildə xatırlayacağıq”.
Sonra hesabat dövründə AFFA-nın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Baş katib Sərxan Hacıyev hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, AFFA-nın strategiyasına uyğun olaraq cari mövsümdən Premyer Liqada komandaların sayı 10-a çatıb. Həmçinin dünya futbolunda baş verən yeniliklərə uyğun olaraq, ölkə çempionatında VAR sistemi uğurla tətbiq edilib. İnfrastrukturun yaxşılaşdırılması istiqamətində atılan addımlar kimi Tovuz şəhər stadionunun, “Bayıl Arena”nın ot örtüyünün yenilənməsi qeyd olunub.
Baş katibin çıxışından sonra AFFA-nın maliyyə və mühasibatlıq departamentinin rəisi Xalid Cavadov və müstəqil auditor Elnur Kazımov hesabat ilə çıxışı edib.
Futbolun İnkişafı Fondunun (FİF) icraçı direktoru Tural Piriyev ötən il ərzində görülən işlər, həyata keçirilən layihələrdən, klubların dayanıqlı maliyyə yardımı istiqamətində dövlət və özəl qurumlarla əlaqələrdən danışıb. FİF-in əməkdaşlığı sayəsində bölgə kubları ilə müxtəlif görüşlər keçirdiklərini və layihələrin uğurla davam etdirildiyini bildirib.
Konfransda qonaq qismində iştirak edən FIFA rəsmisi Heide Behan və UEFA nümayəndəsi Cozef Kliment çıxış edərək AFFA-ya və Azərbaycan futbol ailəsinə gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Sonra gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək AFFA-ya ölkə futbolunun inkişafı naminə görülən işlərdə uğurlar diləyib.
Çıxışlar başa çatdıqdan sonra martın 6-da 75 illiyini qeyd edən ümumittifaq dərəcəli hakim, hazırda Futbol Veteranları İttifaqının sədr müavini vəzifəsində çalışan Rüstəm Rəhimova təbrik ünvanlanıb. AFFA-nın prezidenti Rövnəq Abdullayev və gənclər və idman naziri Fərid Qayıbov yubilyara xatirə hədiyyəsi təqdim ediblər.
Konfrans başa çatdıqdan sonra İcraiyyə Komitəsinin iclası, ardınca isə baş katib Sərxan Hacıyevin mətbuat konfransı keçirilib.