REGİONLAR
Ötən il ölkə üzrə 3 milyard 824 milyon manat dəyərində heyvandarlıq məhsulları istehsal olunub
Bakı, 13 fevral, AZƏRTAC
Ötən il ölkə üzrə heyvandarlıq məhsulları istehsalının ümumi dəyəri 3 milyard 824 milyon manata bərabər olub.
Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin İqtisadi Təhlil və Proqnozlaşdırma Departamentinin baş mütəxəssisi Pərviz Əliyev məlumat verib.
Onun sözlərinə görə, 2018-ci ildə Azərbaycanda diri çəkidə ət istehsalı 556,6 min ton, süd 2,08 milyon ton, yumurta 1,67 milyard ədəd, fiziki çəkidə yun istehsalı isə 15,8 min ton təşkil edib.
Mütəxəssis qeyd edib ki, ərzaq təhlükəsizliyinin dayanıqlığının təmin olunması məqsədilə Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planının 2.2.1-ci bəndində intensiv ferma modelinin təşkili, qapalı iri heyvandarlıq müəssisələrinin təşkilinin təşviqi qeyd edilib. Əsas məqsəd ət və süd məhsulları ilə özünü təminetmə səviyyəsinin yüksəldilməsidir. Əlavə olaraq, heyvandarlığın intensiv inkişafı və idxaldan asılılığın azaldılması ilə bağlı Dövlət Proqramı hazırlanıb, rəy və təkliflərin verilməsi üçün dövlət qurumlarına göndərilib. Görüləcək işlərin nəticəsi olaraq gələcəkdə özünü təminetmə səviyyəsinin artırılması və ixraca başlanılması hədəflənir.