İQTİSADİYYAT
Ötən il ümumilikdə 1845 yeni icarə müqaviləsi bağlanılıb
Bakı, 19 yanvar, AZƏRTAC
Daşınmaz dövlət əmlakının səmərəli istifadə edilməsi və icarədən yayınmış obyektlərin icarəyə cəlb olunması məqsədilə aparılmış nəzarət və maarifləndirmə tədbirləri nəticəsində icarə bazasının genişləndirilməsinə nail olunub və bağlanılmış icarə müqavilələrinin sayında artım qeydə alınıb.
Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, ötən il ərzində ümumilikdə 1845 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 841-i qeyri-yaşayış sahələri üzrə, 1004-ü isə torpaq sahələrinə dair olub. Bununla yanaşı, ötən il 497 icarə müqaviləsinin müddəti uzadılıb, 176 icarə müqaviləsi ləğv edilib. 2020-ci illə müqayisədə 2021-ci il ərzində 1430 və ya 4,4 dəfə çox icarə müqaviləsinin bağlanılması təmin olunub.
Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən ötən ildə dövlət büdcəsinə ümumilikdə 16,2 milyon manatdan artıq vəsait ödənilib və illik proqnoz 147,4 faiz yerinə yetirilib.
Qeyd edək ki, 2019-cu illə müqayisədə 2021-ci ildə icarədən dövlət büdcəsinə 4,8 milyon manat və ya 41,7 faiz, 2020-ci illə müqayisədə isə 5,9 milyon manat və ya 57,4 faiz çox vəsait ödənilib.
Xidmət tərəfindən ötən il 22 təşkilat qeyri-yaşayış sahəsi ilə təmin olunub. Bu təşkilatlara təqdim edilən qeyri-yaşayış sahəsi 29 min 15 kvadratmetrdir.