CƏMİYYƏT
Ötən il yanğınların söndürülməsi zamanı 2401 obyekt alovdan mühafizə edilib
Bakı, 11 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində 2018-ci ildə görülmüş işlərin və cari ildə qarşıya qoyulan vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə hesabat məruzəsi ilə çıxış edən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov ötən ilin yanğın hadisələrini təhlil edib. Diqqətə çatdırıIıb ki, ötən il 15 min 229 yanğın hadisəsinin söndürülməsinə 152 min 290 əməkdaş, 32 min 87 yanğınsöndürmə texnikası cəlb olunub. Yanğınların söndürülməsi zamanı 2401 obyekt, o cümlədən 129 dövlət, 351 özəl obyekt, 321 çoxmənzilli bina, 591 fərdi ev, 522 yardımçı tikili, müxtəlif təyinatlı 487 texnika yanğından mühafizə edilib.
Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev müşavirədə çıxış edərək respublikamızda yanğından mühafizə qurumlarının döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasının vacibliyini bildirib. Nazir müavini yanğınların qarşısının alınması, qəzaların nəticələrinin aradan qaldırılması zamanı və digər mürəkkəb xarakterli xüsusi şəraitlərdə qüvvə və vasitələrin bacarıqla idarə olunması ilə bağlı tövsiyələrini verib. E.Mirzəyev, həmçinin Xəzər dənizi akvatoriyasında neft və qaz sənayesi obyektlərinin yanğın təhlükəsizliyini təmin edən yanğından mühafizə qurumlarının fəaliyyətinin daha da gücləndirilməsinin əhəmiyyətindən danışıb.