CƏMİYYƏT
Ovlanmasına icazə verilən heyvan növləri açıqlanıb
Bakı, 11 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublika ərazisində 2018-2019-cu illərin ov mövsümündə ovlanmasına icazə verilən heyvan növlərinin adlarını açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cari ov mövsümündə ovçular çöl donuzu (qaban), dovşan, cüllüt, qaz, ördək və qaşqaldağı ovlaya bilərlər. Qaz, ördək, qaşqaldağın ovlanma müddəti oktyabrın 13-dən martın 1-dək davam edəcək. Bu quşların yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi müəyyən olunmuş ov sahələrində ovlanmasına icazə veriləcək. Çöl donuzunun ovu artıq sentyabrın 15-dən başlayıb və dekabrın 22-də bitəcək. Qaban ovu Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Qusar, Xaçmaz, Neftçala, Yardımlı, İsmayıllı rayonlarının və Şəki şəhərinin müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında mümkündür. Cüllütün də ovuna sentyabrın ortalarından etibarən icazə verilib. Noyabrın 24-dək yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi müəyyən olunmuş ov sahələrində onun ovlanması qadağan edilməyib. Dovşan ovu isə noyabrın 17-dən mümkün olacaq. Ovçular yanvarın 12-dək Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı rayonlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında dovşan ovlaya biləcəklər.
Bundan əlavə, Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy, Tərtər və digər sərhədyanı və cəbhə zonasına yaxın inzibati rayonların ərazilərində, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhər və kurortlara 1,5 kilometrə qədər yaxın sahələrdə, xüsusi mühafizə olunan ərazilərdə, sanitar-mühafizə zonalarında ov etmək qadağandır.