CƏMİYYƏT
Özbəkistan, Qazaxıstan və Qırğızıstandakı diaspor təşkilatları beynəlxalq qurumlardan Ermənistanla bağlı cavab tələb edirlər
Bakı, 29 aprel, AZƏRTAC
Özbəkistan, Qazaxıstanın Kostanay vilayəti və Qırğızıstanda fəaliyyət göstərən Respublika Azərbaycan Mədəniyyət Mərkəzi, “Birlik” ictimai təşkilatı və Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu Ermənistanın minalanmış ərazilərin xəritələrinə dair yolverilməz davranışına və ABŞ Prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı mövqeyinə kəskin etirazlarını bildiriblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bununla bağlı keçirilən tədbirlərdə Respublika Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Firdovsi Hüseynov, “Birlik” ictimai təşkilatının sədri Rәfail Hacibalayev və diaspor təşkilatlarının üzvləri çıxış ediblər.
Bildirilib ki, 44 günlük Vətən müharibə nəticəsində qazanılan parlaq Qələbədən sonra Azərbaycan dövləti yüz minlərlə insanın öz doğma ata-baba ocaqlarına qayıtmasını təmin etmək məqsədilə bütün imkanlarını azad olunmuş ərazilərdə infrastruktur layihələrinin həyata keçirilməsinə və bərpa işlərinin aparılmasına yönəldib. Lakin Ermənistan hökumətinin minalanmış ərazilərin xəritələrinin təhvil verməkdən imtina etməsi bu prosesə böyük əngəl yaradır. Qeyd edilib ki, bu yolverilməz davranışı, saxta “soyqırımı” iddiaları ilə dünyanı çaşdırmağa cəhd etməsi, İrəvanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılması Ermənistanın bölgədə sülh və əmin-amanlıq tərəfdarı olmadığını, beynəlxalq öhdəliklərinə məhəl qoymadığını göstərir. Tədbir iştirakçıları dünya birliyini və beynəlxalq təşkilatları bu məsələnin dərhal və qeyd-şərtsiz həlli naminə Ermənistana təzyiq göstərməyə çağırıblar.
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun rəhbəri Nüsrət Məmmədovun imzası ilə beynəlxalq təşkilatlara, Türkiyənin və ABŞ-ın Qırğızıstandakı səfirliklərinə ünvanlanan bəyanatda ermənilərin “soyqırımı” iddialarının yalan olduğu, tarixi faktların saxtalaşdırılması və ekspansiya siyasətini təkcə qardaş Türkiyəyə deyil, uzun illər ərzində Azərbaycana qarşı (31 mart və Xocalı soyqırımları) da həyata keçirdikləri xatırlanıb. Hər zaman qardaş Türkiyənin yanında olduğunu bəyan edən Fond ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pislədiklərini nəzərə çatdırıb.
Bəyanatda BMT-nin Osmanlı ermənilərinin tarixi mübahisəsinin soyqırımı olmadığını və 2016-cı ildə isə "Doğu Perinçek İsveçrəyə qarşı" işinə baxan Avropa İnsan Hüquqları Məhkəməsinin Ermənistanla bağlı halın soyqırımı kimi sübuta yetirilmədiyini 3 dəfə (2000, 2007 və 2015-ci illər) elan etdiyi vurğulanıb. ABŞ Prezidentindən sözügedən qərarlara hörmətlə yanaşması, soyqırımı ilə əlaqədar bütün dəlilləri ortaya qoyması tələb olunub, müxtəlif xalqlara qarşı soyqırımlar törədən ölkəsinin tarixinə nəzər salması tövsiyə edilib.