İQTİSADİYYAT
Özbəkistan narçılığın inkişafı ilə bağlı Azərbaycan təcrübəsini öyrənmək istəyir
Bakı, 17 iyun, AZƏRTAC
Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Davron Vaxabov Azərbaycanda səfərdədir. Səfər çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə görüş olub.
ASK-dan AZƏRTAC-a bildirilib ki, artıq iki aydır Özbəkistanın Ticarət və Sənaye Palatasına sədrlik edən Davron Vaxabov ölkəmizdə keçirəcəyi görüşlər barədə məlumat verib. Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov təşkilatın xarici və daxili şəbəkəsi, əsas funksiyaları barədə qonağa təqdimat edib. Konfederasiyanın Azərbaycan hökuməti ilə bağladığı Baş Kollektiv Saziş əsasında üzərinə götürdüyü öhdəliklər haqqında danışıb.
Davron Vaxabov ölkələrimiz arasında biznes əlaqələrinin gücləndirilməsi və qarşılıqlı maraq doğuran sahələr üzrə birgə müəssisələrin yaradılması perspektivlərinə toxunub.
Görüşdə Özbəkistanda narçılığın inkişafı ilə bağlı Azərbaycan təcrübəsinə böyük maraq nümayiş olunub.