QAN YADDAŞI
Özbəkistan portalında Xocalı soyqırımı haqqında məqalə verilib
Daşkənd, 26 fevral, AZƏRTAC
Özbəkistanın Qalampur.uz portalında tanınmış jurnalist, beynəlxalq mükafatlar laureatı Nargiz Kasimovanın Xocalı soyqırımı haqqında özbək dilində məqaləsi yayılıb.
AZƏRTAC xəbər verir ki, müəllif “Xocalı faciəsindən 26 il ötdü. Tarixin səhifəsində qalan qanlı günün təfsilatları” adlı məqaləsində Xocalı faciəsini Xirosima, Naqasaki, Xatın soyqırımları ilə müqayisə edir.
Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda min bir əzabla öldürülən, yaralanan və itkin düşənlər haqqında ətraflı məlumat verilir, keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə Xocalıya amansız hücum edildiyi, şəhərin tamamilə dağıdıldığı və yandırıldığı bildirilir. Vurğulanır ki, həmin dəhşətli gecə uşaqlar, qadınlar, ahıllar da daxil olmaqla yüzlərlə mülki insan xüsusi qəddarlıqla qətlə yetirilib.
Məqalədə Xocalıda törədilmiş cinayətin Ermənistanın yürütdüyü sistemli və davamlı zorakılıqların tərkib hissəsi olduğu bildirilir, ermənilərin ayrı-seçkilik siyasəti apardığı qeyd olunur. Vurğulanır ki, bu da Ermənistanın təcavüzkar siyasətinin əsasını təşkil edir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd