İQTİSADİYYAT
Özbəkistan rəsmisi: Bakı Limanı Azərbaycanla transregional logistik əlaqədə əsas rol oynayır
Bakı, 5 iyul, AZƏRTAC
Azərbaycan və Özbəkistan regional əməkdaşlıq üçün mühüm lokomotivdir və Bakı Limanı bu transregional logistik əlaqədə əsas rol oynayır.
“Bakı Beynəlxalq Dəniz ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, bu sözləri Özbəkistan Respublikasının Prezidenti yanında Strateji və Regional Araşdırmalar İnstitutunun rəis müavini Akramjon Nematov Bakı Limanına səfəri zamanı bildirib.
İyulun 5-də Özbəkistanın Prezidenti yanında Strateji və Regional Araşdırmalar İnstitutunun rəis müavini Akramjon Nematovun rəhbərliyi ilə nümayəndə heyəti Ələtdə yerləşən Bakı Limanına işgüzar səfər edib. İnstitutun və Özbəkistanın Azərbaycandakı səfirliyinin nümayəndələri Limanın Marketinq və satış departamentinin müdiri Anar İbrahimov və digər rəsmi şəxslərlə görüşüblər. Qonaqlara limanda regional ticarətin asanlaşdırılmasına, eləcə də mövcud ticarət dəhlizlərində tranzit və multimodal daşımaların təkmilləşdirilməsinə dəstək vermək məqsədi daşıyan son yeniliklər barədə məlumat verilib.
Səfər iştirakçıları, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda Özbəkistanın quru limanları və Bakı Limanının rolunu, Mərkəzi Asiyadan Avropaya fasiləsiz yük axınının təmin edilməsi üçün həyata keçiriləcək uğurlu fəaliyyətləri də müzakirə ediblər.
Görüşdə, həmçinin qeyd olunub ki, hər iki ölkənin limanları və logistik şəbəkələri arasında tərəfdaşlıq regionda yeni nəqliyyat və logistika marşrutlarının yaradılmasına böyük töhfə verəcək və bu, rəqəmsallaşdırılmış və sürətli yükdaşımaların daha da artması üçün yeni imkanlar açacaq.