CƏMİYYƏT
Özbəkistandakı soydaşlarımıza yardım paylanılıb
Daşkənd, 3 iyun, AZƏRTAC
Dünyada COVID-19 koronavirus pandemiyasının güclənməsi, Azərbaycan və Özbəkistanın xüsusi karantin rejiminə keçməsi, sərhədlərin bağlanması, giriş-çıxışın məhdudlaşdırılması nəticəsində bu ölkəyə müxtəlif məqsədlərlə gələn vətəndaşlarımızın Vətənə qayıtması qeyri-mümkün olub.
AZƏRTAC xəbər verir ki, indiyədək Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevin təşəbbüsü ilə burada qalan soydaşlarımıza bir neçə dəfə yardım edilib.
Bu dəfə isə Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinə göndərdiyi 7 min 200 dollar dəyərində yardım 90 nəfər arasında bölünüb.
Özbəkistan Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsində keçirilən tədbirdə hər nəfərə 800 min sum (təxminən 80 dollar) məbləğində yardım edilib.
Mərkəzin sədri Firdovsi Hüseynov AZƏRTAC-ın müxbiri ilə qısa müsahibəsində bildirib ki, Azərbaycan dövlətinin göndərdiyi yardım sərhədlərin bağlanması ilə əlaqədar əsasən Özbəkistanda qalan vətəndaşlarımıza verilib. Ancaq uzun illər bu ölkədə yaşayan imkansız ailələrə də yardımlar olunub.
Maddi yardım alanlardan biri Emil Cəfərli bu humanist aksiya üçün Azərbaycan hökumətinə minnətdarlıq edib. O deyib ki, xarici ölkələrdə qalan vətəndaşlarına yardım əli uzatmaq, onların taleyi ilə maraqlanmaq humanist addımdır. Bununla belə biz səbirsizliklə doğma Azərbaycana qayıdacağımız günü gözləyirik.
Tədbirdə səfirliyimizin birinci katibi, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov da iştirak edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd