İQTİSADİYYAT
PAKİSTANDA XOCALI SOYQIRIMININ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLMİŞDİR
Pakistan ictimaiyyətinin, diplomatik korpusun nümayəndələrinin, müxtəlif siyasi tədqiqat mərkəzləri alimlərinin, Pakistan-Azərbaycan Dostluq Cəmiyyəti fəallarının, habelə jurnalistlərin, burada yaşayan və təhsil alan Azərbaycan vətəndaşlarının iştirak etdikləri tədbirdə, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Səfir Eynulla Mədətli 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Xocalı şəhərinə hücumu və törədilmiş soyqrımı barədə məlumat vermişdir.
Pakistanlı tədqiqatçı alim, istefada olan polkovnik Şeyx Əxtər Məsud tarix boyu ermənilərin türklərə qarşı törədikləri cinayətlərindən danışmış, Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırımlarına dair tarixi faktları sadalamışdır. Xocalı faciəsinin insanlıq tarixinə düşmüş qanlı səhifə olduğunu bildirən Pakistan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, səfir Xalid Mahmud dünya ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların bu faciəyə siyasi qiymət verməsini tələb etmişdir.
Türkiyənin Pakistandakı səfiri Kamal Gur Azərbaycan xalqının dərdinə şərik olduqlarını bir daha bildirmiş, ermənilərin bəşəri dəyərlərdən uzaq olan siyasətinə qarşı birlikdə mübarizə aparılmasının vacibliyini vurğulamışdır.
Tədbirdə Xocalı soyqırımından bəhs edən film göstərilmiş, iştirakçılara faciə ilə bağlı DVD-lər, kitabçalar və məlumat toplusu paylanmış, İslamabaddakı səfirliklərə və dövlət orqanlarına məlumatlar göndərilmişdir.