Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

PAKİSTAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB PƏRVİZ MÜŞƏRRƏFƏ

Hörmətli cənab Prezident, 

Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında diplomatik əlaqələr yaradılmasının 10 illiyi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri kimi, dost və qardaş Pakistan ilə münasibətlərimizin bütün sahələrdə inkişafına böyük əhəmiyyət veririk.

Xalqlarımız arasında dərin tarixi kökləri olan dostluq münasibətləri, qarşılıqlı etimad hərtərəfli əməkdaşlığımız üçün münbit zəmin yaratmışdır.

Bu gün ölkələrimizin ikitərəfli qaydada, beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığı, qarşılıqlı dəstəyi böyük məmnunluq doğurur.

Əminəm ki, mövcud imkanlardan daha tam istifadə etmək üçün göstərdiyimiz qarşılıqlı səylər xalqlarımızın rifahına, ölkələrimizin tərəqqisinə yeni-yeni töhfələr verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 iyul 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin