DÜNYA
PƏRVİZ MÜŞƏRRƏF AMERİKANI PAKİSTANIN “SUVERENLİYİNİ POZMAQDA” TƏQSİRLƏNDİRDİ
Davosda dünya iqtisadi forumunda olan Müşərrəf Si-En-En telekanalına müsahibəsində bildirmişdir ki, bu əməliyyat barədə Pakistan rəhbərliyi hətta xəbərdar edilməmişdir.
O demişdir: “Biz belə əməllərdən məyusuq. Axı, kəşfiyyatlar səviyyəsində əməkdaşlıq var, taktiki və strateji səviyyədə ikitərəfli əməkdaşlıq var. Ümidvarıq ki, belə hallar bir daha təkrar olunmayacaqdır”.
Prezident Pakistanın suverenliyinin pozulmasında “Əl-Qaidə” beynəlxalq terrorçu şəbəkəsinin yaraqlılarını da təqsirləndirmişdir. Onun fikrincə, Amerika təyyarəsinin hücumu zamanı Bacaurda “Əl-Qaidə”nin beş, yaxud altı üzvü ola bilərdi. O söz vermişdir ki, Pakistan ordusu Əfqanıstanla sərhəddə beynəlxalq terrorçulara qarşı əməliyyatları davam etdirəcəkdir. Xatırladaq ki, Bacaur vilayətinin Damdola kəndinə raket hücumu yanvarın 13-də baş vermişdir. Raket zərbələrini Əfqanıstan ərazisindən qalxan “Predetor” tipli pilotsuz təyyarələr endirmişdir.
İslamabad bu hadisə ilə əlaqədar Vaşinqtona rəsmi etiraz notası vermişdir.