İQTİSADİYYAT
“PAŞA Həyat” “National Brand of Azerbaijan” mükafatına layiq görülüb
Bakı, 5 iyun, AZƏRTAC
Böyük Britaniyanın nüfuzlu “Luxury Lifestyle” şirkəti “PAŞA Həyat” sığorta şirkətinə beynəlxalq mükafat təqdim edib.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a bildiriblər ki, Dubay şəhərində təşkil olunan “Luxury Lifestyle Award” adlı mükafatlandırma mərasimində “PAŞA Həyat”a “National Brand of Azerbaijan” nominasiyası üzrə xüsusi mükafat verilib.
Mükafatlandırma mərasiminə Orta Şərq və MDB dövlətlərindən müxtəlif sahələr üzrə fəaliyyət göstərən 90-a yaxın şirkət qatılıb. Mərasimdə “PAŞA Həyat”ı strateji inkişaf və marketinq departamentinin əməkdaşları təmsil edib.
Baş ofisi Londonda yerləşən tanınmış “Luxury Lifestyle” şirkəti öz təşəbbüsü və əldə etdiyi nailiyyətlərə görə lüks seqmentində olan şirkətlər üçün beynəlxalq mükafat təsis edib. Bu mükafatı əldə etmək istəyən şirkətlər və lüks sinif markalar müxtəlif kateqoriyalar üzrə müsabiqədə iştirak edirlər. Mükafat şirkətlərin qərəzsiz, müstəqil və geniş miqyaslı qiymətləndirmə prinsipi əsasında həyata keçirilir. İştirakçılar siyahısına lüks seqment, müstəqil ekspertlər, biznes analitiklər, kütləvi informasiya vasitələrinin baş redaktorları və beynəlxalq şirkətlərin rəhbər şəxsləri daxildir.