İQTİSADİYYAT
“PAŞA Həyat Sığorta” şirkətinin əməkdaşları Malayziyada keçirilmiş Beynəlxalq konfransda iştirak etmişlər
Bakı, 31 mart (AZƏRTAC). “PAŞA Həyat Sığorta” şirkətinin əməkdaşları Malayziyanın Kuala Lumpur şəhərində keçirilmiş “Investment Funds” adlı Beynəlxalq konfransda iştirak etmişlər.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 15-dən çox dövlətin nümayəndələrinin qatıldıqları konfransda Cənub-Şərqi Asiyanın iri ölkələrinin investisiya fondlarının top menecerləri təmsil olunmuşlar.
Konfransda ölkələrdə investisiya fondlarının yaradılması və onların fəaliyyəti barədə məruzələr dinlənilmişdir.
Azərbaycanda həyat sığortası bazarının və bu sahə üzrə fəaliyyət göstərən şirkətlərin inkişafı, onların artan maliyyə vəsaitlərinin düzgün yerləşdirilməsi, müasir tələblərə uyğun idarə olunması sahəsində beynəlxalq investisiya fondlarının fəaliyyətinin öyrənilməsi vacib və aktual bir təşəbbüs olmuşdur.
Konfransda qazanılmış təcrübə yeni yaranan Azərbaycan investisiya fondlarının fəaliyyətinin qiymətləndirilməsində, həmçinin “PAŞA Həyat Sığorta”nın səmərəli investisiya fəaliyyətinin aparılmasında əhəmiyyətli olacaqdır.