SİYASƏT
PAYIZ SESSİYASI QARŞISINDA
Sentyabrın 30-da Milli Məclisin payız sessiyası öz işinə başlayacaqdır. Bu münasibətlə sentyabr ayının 20-də parlamentin spikeri Murtuz Ələsgərovun sədrliyi ilə Milli Məclisin sədr müavinlərinin, daimi komissiya sədrlərinin və Aparatın şöbə müdirlərinin müşavirəsi keçirilmişdir.
Müşavirəni giriş sözü ilə açan parlamentin sədri Azərbaycan Respublikası Milli Məclisinin 2002-ci il payız sessiyasının qanunvericilik işləri planının təsdiqi ilə əlaqədar olaraq daimi komissiyaların və Aparatın şöbələrinin üzərinə düşən vəzifələrdən danışmış, Avropa Şurası qarşısında götürdüyümüz öhdəliklərlə bağlı sənədlərin müzakirəsi və qəbul edilməsinin əhəmiyyətini xüsusi ilə vurğulamışdır.
Sonra Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev payız sessiyasının qanunvericilik işləri planında nəzərdə tutulmuş qanun lahiyələri haqqında geniş məlumat vermişdir. O, qeyd etmişdir ki, bu sessiyada Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri ilə yanaşı, bir sıra digər mühüm sənədlər də parlamentin müzakirəsinə veriləcəkdir. Bunların içərisində “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihələri, eyni zamanda “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinə dəyişikliklər və əlavələr edilməsi haqqında”, “Seçki Məcəlləsi”, “Terrorizmlə mübarizə haqqında”, “Fövqəladə vəziyyət haqqında”, “Bələdiyyələrə inzibati nəzarət haqqında”, “Bakı şəhərinin statusu haqqında”, “Elektron imza haqqında”, “Folklor nümunələrinin hüquqi qorunması haqqında” sənədlər xüsusi yer tutur. Payız sessiyasında 2003-cü ilin Dövlət büdcəsinin müzakirəsi də nəzərdə tutulmuşdur. Bundan başqa, Milli Məclisdə ötən sessiyalarda birinci və ikinci oxunuşlarda qəbul edilmiş “Təhsil haqqında”, “Elm və dövlət elmi-texniki siyasəti haqqında”, “Azərbaycan dilinin işlənməsi haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” və s. qanun layihələri də müzakirə olunacaqdır.
Müşavirədə Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, daimi komissiya sədrləri Zahid Qaralov, Asya Manafova, Kərim Kərimov, Səttar Səfərov, Səməd Seyidov, Eldar İbrahimov, Hadi Rəcəbli, Şahlar Əsgərov, daimi komissiya sədrlərinin müavinləri Rəbiyyət Aslanova, Vaqif Vəkilov çıxış edərək payız sessiyasının qanunvericilik işləri planı haqqında öz mülahizələrini söyləmiş, qeyd və təkliflərini bildirmişlər.
Milli Məclisin sədri Murtuz Ələsgərov müşavirəyə yekun vurmuşdur. Yekun nitqində o, 2002-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında öz fikirlərini açıqlamış, daimi komissiyalarla şöbələrin birgə fəaliyyətindən, planda nəzərdə tutulmuş sənədlərin təhvil verilməsi tarixlərinin dəqiqləşdirilməsi zərurətindən danışmış, müşavirə iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Milli Məclisin
Mətbuat xidməti