Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

PENSIYA YAŞINA ÇATMASINA VƏ YA ƏLILLIYINƏ GÖRƏ KÖNÜLLÜ IŞDƏN ÇIXMIŞ VƏ DÖVLƏT QULLUĞUNDA XIDMƏT ILLƏRININ MINIMUM HƏDDINƏ MALIK OLMAYAN DÖVLƏT QULLUQÇULARINA TƏYIN EDILƏN ÖMÜRLÜK MÜAVINƏTIN MIQDARI HAQQINDA
AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ FƏRMANI

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki, müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçularına axırıncı əsas vəzifəsi üzrə dövlət məvacibinin 15 faizi miqdarında ömürlük müavinət təyin edilir.

2. Dövlət qulluqçularına təyin edilən ömürlük müavinətlər dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

- müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya, əlilliyinə görə könüllü işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması qaydasını Azərbaycan Respublikasının prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

- bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Bu fərman 2003-cü il oktyabrın 1-dən qüvvəyə minir.

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının prezidenti

22 oktyabr 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin