ELM VƏ TƏHSİL
PISA beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsi yekunlaşıb
Bakı, 6 iyul, AZƏRTAC
Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən həyata keçirilən PISA 2022 qiymətləndirmə tədqiqatının əsas mərhələsi yekunlaşıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Bakı üzrə 178 ümumtəhsil müəssisəsindən həm Azərbaycan bölməsi, həm də rus bölməsi üzrə 7912 şagird qiymətləndirmədə iştirak edib. İştirakçıların 47 faizi qız, 53 faizi oğlan olub. PISA-da 15 yaşlılar iştirak etdiyi üçün bu şagirdlər müxtəlif sinifləri təmsil ediblər. Azərbaycanda VII, VIII, IX, X və XI siniflərdən şagirdlərin müvafiq olaraq, 0,2, 2,5, 30,8, 66,3 və 0,2 faizi tədqiqatda iştirak edib. Göründüyü kimi, onların 95 faizindən çoxu IX və X sinif şagirdləridir.
Qiymətləndirmə tədqiqatı Bakı şəhərinin 220, 32, 291, 56 və 129 nömrəli məktəblərində yaradılan imtahan mərkəzlərində xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq təşkil olunub.
Qeyd edək ki, PISA (Programme for International Student Assessment) beynəlxalq şagird qiymətləndirmə proqramı 85-dən çox ölkədə 15 yaşlı şagirdlər arasında oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşüncə üzrə bilik və bacarıqları qiymətləndirmək, bu bilik və bacarıqları real həyatda istifadə etmək qabiliyyətini müəyyənləşdirmək məqsədilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) tərəfindən 3 ildən bir təşkil olunur.