İQTİSADİYYAT
PREZİDENTİN TAPŞIRIQLARININ İCRASI TƏMİN EDİLMƏLİDİR
AZƏRTAC xəbər verir ki, aprelin 19-da Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı yanında şuranın geniş iclasında əhalinin qaz və elektrik enerjisi ilə təminatı və onların haqqının ödənilməsi məsələləri müzakirə olunmuşdur.
Çıxış edənlər respublikamızda elektrik enerjisi və qaz təchizatının köklü surətdə yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən məqsədyönlü işlərdən danışmışlar. Bildirilmişdir ki, dövlət büdcəsindən bu məqsədlə ayrılan vəsait ilbəil artır və bu tədbirlər öz müsbət nəticələrini verir. Lakin təbii qazın və elektrik enerjisi haqqının ödənilməsində vəziyyət tamamilə bunun əksinədir.
Suraxanı rayonunda qaz istismar idarəsi 47 min 472, enerji satışı şöbəsi isə 49 min 579 abonentə xidmət edir. Ərazidə 17 min 131 qaz (36,2 faiz), 41 min 198 elektrik sayğacı (83 faiz) quraşdırılmışdır. Bu ilin birinci rübündə verilən təbii qazın dəyərinin cəmi 13,2 faizi, elektrik enerjisinin dəyəri isə bundan bir qədər çox ödənilmişdir. Çıxışlarda əhali arasında maarifləndirmə işlərinə diqqətin artırılmasının, rayonda sayğaclaşdırmanın başa çatdırılmasının, problemlərin həlli istiqamətində bütün imkanların səfərbər olunmasının zəruriliyi vurğulanmışdır.
Prezidentin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Canpolad Musayev iclasda iştirak etmişdir.